Fiziki iş vs. Oturaq iş 

Baku 2015 1-ci Avropa Oyunları 12-28 iyun tarixləri ilə insanların yaddaşında qalacaqsa, mənim kimi BEGOC-a (Bakı Avropa Oyunları Təşkilat Komitəsi) iyun ayının əvvəlindən işləmək üçün qoşulanlar üçün isə 1-30 iyun tarixləri ilə yadda qalacaq. Sözün açığı daimi işdən istirahətə sərf edə biləcəyim 1 aylıq məzuniyyəti götürüb burada çalışmağa məni həvəsləndirən bir neçə məsələ var idi:

1) Oyunların təşkilinin idarəetmə tərəflərini müxtəlif komponentlər üzrə az bucaq ilə də görmək imkanı;
2) Gənclərlə, könüllülərlə işləyərək yeni trendləri real olaraq görmək, öyrənmək fürsəti;
3) Böyük bir tədbirin həyəcanını həm təşkilat komitəsindən, həm ziyarətçilərdən, həm də idmançılardan yaxından duymaq imkanı;
4) Yeni mühitdə və xüsusən də könüllərlə çalışaraq idarəetmə bacarıqlarını inkişaf etdirmək imkanı;
5) Nəhayət, son 10 ildə demək olar ki, ilk dəfə belə bir uzun müddətə fiziki iş ilə məşğul olub həyata fərqli bucaqdan baxmaq fürsəti.

Oyunlarla bağlı fərqli fikirlərə maksimum hörmət edərək bildirim ki, bura öyrənmək üçün əla platforma idi. Bütün bu bəndlər üzrə həmçinin mən bloq və təlimlər üçün yeni bilik və məlumatlar da toplaya bildim. İstərdim elə indi 5-ci bəndə göstərdiyim fiziki işə bağlı bir ayın nəticəsi olaraq gəldiyim bəzi fikirlərimi sizlərlə paylaşım.

1) Daş daşımırdıq

Qabaqcadan aydınlıq gətirim ki, fiziki iş deyərkən daş daşımağı filan nəzərdə tutmuram. İşin əsas xarakteriktikası bütün günü ayaqüstə olmaq, ən yaxşı halda gündə 2-3 saat oturaraq oyunları izləməyə gələn insanlara müxtəlif mövqelərdə müştəri və tədbir xidmətləri göstərmək idi. BEGOC-dan ilk təəssüratlarımda iş barəsində biraz yazmışdım. Bir ayın nəticəsi olaraq qollar və üz yaxşıca qaraldı. Antalyasayağı. Gündəlik olaraq isə ən azı 12 000 addım atılırdı. Bu hələ telefonu üstündə gəzdirdiyin vaxt qeydə alınan addımlar idi. İşlədiyimiz Crystall Hall-da sadəcə müştərilərə xidmət dəhlizinin birinci nöqtəsindən sonuncu nöqtəsinə qədər məsafə 1 km-dən artıq idi.

2) Sağlamlıq və qidalanma

Əslində çox yeyən deyiləm. Amma fiziki iş baxımdan mühitin dəyişilməsi məni çox yeməyə məcbur edirdi. Nəticədə insana elə gəlirdi ki, istinin altında bu qədər hərəkətlə arıqlayacaqsan, əvəzində isə bir neçə kilo artdım. Fiziki iş sağlamlıq üçün çox yaxşıdır, amma gərək qidalanmada diqqətli olasan. İdman ilə məşğul olanlar kkal ilə yemək-hərəkət kalkulyasiyasından xəbərdardılar. Amma sözün açığı mən bir ay ərzində bu asılılığı idarə etməyi öyrənə bilmədim.

3) Yuxu rejimi

Dəyişik növbələr, səhər saat 5-də evi tərk etmək və ya gecə 3-də evə çatmaq. Lazım gələndə ofisdə olanda da belə gərgin iş rejimi olur. Bu isə bizim burada çox qısamüddətli olsa da gördüyümüz işin gündəlik xarakteri idi. Aydındır ki, fiziki iş deyərkən mənim yuxarıda təsvir etdiyim qrafik əsas götürülməməlidir. Sadəcə bu qısa müddət mənə digər oxşar rejimdə həyatıboyu işləyən insanların yuxu və ümumi gündəlik rejimləri haqqında düşünməyə kömək etdi. 14 saatlıq növbədən sonra siz 12 saat yata bilər və ya 3 gün ardıcıl olaraq 3 saat yatıb yuxulu-yuxulu işə gedə bilərsiniz. Deyə bilərsiniz ki, burada qeyri-adi nə var? Axı oturaq iş şəraitində və ya tələbə olarkən də belə hallar olur. Sadəcə belə bir rejimlə işləyən insanların fərdi inkişafa, oxumağa, qabağa getməyə faktiki çox az imkanı olur. Çünki insanı əsas olaraq düşündürən yuxusunu almaq, işə vaxtında gedib-gəlmək və beləcə günlərini keçirtmək. Ona görə də fiziki iş ilə məşğul olan çox az şəxs həyatında müsbət dəyişiklik edib özünü daha rahat iş şəraitinə ata bilir.

4) Beyinin sakitliyi

Hərdən rayonlara gedəndə vaxtın orada necə sakit və bərəkətli keçdiyini görürürük. Gündəlik işdə isə biz nə qədər də ‘Time Management’ elementlərini işə qatsaq da intellektual yüklənmə vaxtımızı necə deyərlər içindən yeyir. Belə gərginlikdə insan sadə qərarlarda belə bəzən səhv edir. Fiziki işin isə az-çox intellektual elementləri olsa da havada olmaq, gəzmək, bütün günü kompüterin qarşısında oturmamaq beyinə lazım olan sakitliyi verir. Bu effekti nahar vaxtları yürüməklə, səhər və ya axşamlar idman etməklə və ya həftəsonları və ya tətil günləri gözəl təbiət qoynuna getməklə biz kompensasiya etməyə çalışırıq. Fizik işdə isə beyin sadəcə ən uzağı işdəki söz-söhbətdən və yaxud da həmin şəxsin öz qayğılarından yüklənir. Ona görə də sadə bir fəhlə hansısa bir problemə öz intellekti səviyyəsində kompüter arxasında oturan insandan daha praktik həll təklif edir.

5) Fiziki iş ilə məşğul olan insanlara qarşı fərqli hisslər

Bu da çox önəmli tapıntım oldu. Biz liderlik filan oxuyub özümüzü empatik insan kimi qələmə veririk. Əslində isə zaman-zaman özümüz kimi olmayan, daha dəqiq bizim rejimdə olmayan insanları duymaqda çətinlik çəkirik. Bu iş mənə imkan verdi ki, bütün günü ayaqüstə olan rejimdə işləyən mühafizəçidən tutmuş, səhər saat 4-dən küçələri süpürən insanlara qədər fərqli adamların həyat tərzlərini duyum. Sadəcə duymadım, özümüzün bəzən kondisionerin altındakı naşükürlüklərimizi xatırladım.

Bir aydan sonra yenidən artıq 10 ildir ki, mənə ‘doğma’ olan oturaq iş rejiminə qayıtdım. Fiziki iş ilə həyatını keçirənlərə ‘gərək vaxtında əziyyət çəkərdi, indi filan işdə olmazdı’ demək asandır, amma unutmayaq ki, biz özümüz də bilmədən hər an belə bir şəraitə düşə bilərik.

Müəllif: Ilham Ali Yusif

Mənbə: http://ilhamaliyusif.com